Yuxarı Qarabağlar

Yuxarı Qarabağlar – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Vedibasarın Cığındərə bölgəsində, Böyük Vedi kəndinin şərğində, Vedi çayının sağ kənarında, dəhnəz kəndinin yaxınlığında yerləşmişdir. 1590-cı il tarixli “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə Yuxarı Qarabağ, 1728-ci il tarixli “İrəvan əyalətinin icmal dəftəri”ndə Böyük Qarabağlar, Qafqazın beşverstlik xəritəsində “Yuxarı Qarabağlar” formasında qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 135 nəfər, 1886-cı ildə 175 nəfər, 1897-ci ildə 233 nəfər, 1904-cü ildə 420 nəfər, 1914-cü ildə 462 nəfər, 1916-cı ildə 243 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qalaraq kənddən didərgin salınmışlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan sakinləri öz doğma kəndlərinə qayıda bilmişdilər. 1922-ci ildə burada 78 nəfər, 1926-cı ildə 80 nəfər, 1931-ci ildə 84 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi 1950-ci ildə zorla Azərbaycana deportasiya edildikdən sonra ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim fərqləndirici əlamət bildirən “yuxarı”sözü ilə Kəngərli tayfasına mənsub olan “qarabağlar” etnonimi əsasında əmələ gəlmişdir.