Yuxarı Qanlıca – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Düzkənd (Axuryan) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 7 km şimal-qərbdə, dəniz səviyyəsindən 1620 m hündürlükdə yerləşir. 1937-ci ilədək Gümrü (Leninakan) rayonunun tərkibində olmuşdur.
Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Onlar 1828-ci ildə deportasiya olunmuş, 1828–1830-cu illərdə Türkiyədən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişlər. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.
Toponim fərqləndirici əlamət bildirən “yuxarı”sözü ilə qanlı qədim türk tayfasının adına “-ca” şəkilçisinin qoşulması əsasında əmələ gəlmişdir. Etnotoponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26 aprel 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Marmaşen” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°50′ şm. e., 43°46′ ş. u.