Yuxarı Necili

Yuxarı Necili – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Zəgibasar (Masis) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 20 km şimalda, dəniz səviyyəsindən 835 m hündürlükdə yerləşir. 1969-cu ildə keçmiş Zəngibasar (Masis) rayonu təşkil edilənədək keçmiş Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 155 nəfər, 1873-cü ildə 540 nəfər, 1886-cı ildə 654 nəfər, 1897-ci ildə 791 nəfər, 1908-ci ildə 933 nəfər, 1914-cü ildə 945 nəfər, 1916-cı ildə 732 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin sonu 1919-cu ilin əvvəllərində kəndin sakinləri erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalanlar ata-baba yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 319 nəfər, 1926-cı ildə 365 nəfər, 1931-ci ildə 627 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar.

Toponim fərqləndirici əlamət bildirən “yuxarı” sözü ilə nəcli (necili) türk tayfasının adı əsasında əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Nizami” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°05′ şm. e., 44°24′ ş. u.