Yuxarı Gödəkli – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 11 km şimal-şərqdə, dəniz səviyyəsindən 1025 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1897-ci ildə 201 nəfər, 1914-cü ildə 79 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən qırğınlara məruz qoyularaq kənddən qovulmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz evlərinə dönə bilmişlər. Burada 1922-ci ildə 132 nəfər, 1926-cı ildə 118 nəfər, 1931-ci ildə 163 nəfər, 1939-cu ildə 221 nəfər, 1959-cu ildə 180 nəfər, 1970-ci ildə 275 nəfər, 1979-cu ildə isə 381 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə kəndin azərbaycanlı əhalisi Ermənistan dövləti tərəfindən tamamilə deportasiya olunmuşdur. Hazırda burada yalnız ermənilər yaşayırlar.
Toponim türk mənşəli qazaxlar tayfasından olan “gödəkli” etnonimindən əmələ gəlmişdir. “Yuxarı” fərqləndirici sözdür.
Ermənistan parlamentinin 4 iyul 2006-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək “Vardavank” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 39°14′ şm. e., 46°30′ ş. u.