Yuxarı Girətağ

Yuxarı Girətağ – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 19 km şimal-qərbdə, Oxçuçayın sol qollarından biri olan Girətağ çayının sol sahilində, dəniz səviyyəsindən 1700 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1886-cı ildə 537 nəfər, 1897-ci ildə 328 nəfər, 1904-cü ildə 666 nəfər, 1914-cü ildə 289 nəfər azərbaycanlı yaşamışdır. Erməni silahlı dəstələri ilk dəfə 1905-ci ildə kəndə hücum edərək kütləvi qırğınlar törətmiş, vəziyyət sabitləşəndən sonra kəndin sağ qalan əhalisi geri qayıda bilmişdi. 1918-ci ildə azərbaycanlılara qarşı erməni silahlı birləşmələri yenidən qırğınlar törətmiş, əhalisini kənddən didərgin salmışdır. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişlər. Burada 1922-ci ildə 71 nəfər, 1926-cı ildə 223 nəfər, 1931-ci ildə 396 nəfər, 1939-cu ildə 139 nəfər, 1959-cu ildə 310 nəfər, 1979-cu ildə 120 nəfər, 1986-cı ildə isə 130 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında kəndin azərbaycanlı əhalisi Ermənistan dövləti tərəfindən qovulmuşdur.

Toponim qədim türk dilində “kənar, çöl, düzənlik” mənasında işlənən “kır” (kir) sözü ilə “tağ” (→dağ) sözünün birləşməsindən əmələ gəlmişdir. Toponim əvvəlindəki “yuxarı” sözü fərqləndirici əlamət bildirir.

Kənd 1991-ci ildən “Verin Giratağ” adlanır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°14′ şm. e., 46°16′ ş. u.