Yuxarı Gəzbin

Yuxarı Gəzbin – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Talin (Talın) rayonunun, hazırkı Araqatsotn vilayətinin ərazisində mövcud olmuş kənd.

1918-ci ilin yanvarında 100 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin martında azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən didərgin salınmışlar. Kənd 1920-ci ildə ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim Azərbaycan dilində “aşırım”, “dağın təpəsindəki çökəklik”, “yüksək və orta dağ beli tirəsində olan enli yarıq” mənasında işlənən “gəz” sözü ilə “köçərilərin mal-qara ilə köçüb, kəndin kənarda məskan saldıqları yer, yurd, köç” mənasında işlənən “binə” sözünün birləşməsindən əmələ gəlmişdir. Toponimin əvvəlindəki “yuxarı” fərqləndirici əlamət bildirir.