Yuxarı Çanaxçı – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 56 km cənub-şərqdə, Ördundərədə, Ördun çayının yuxarısında, İrəvanın 90 verstliyində, dəniz səviyyəsindən 1730 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1831-ci ildə 30 nəfər azərbaycanlı yaşamışdır. Kənddə 1828–1829-cu illərdə İran və Türkiyədən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir. Xaricdən köçürülüb gətirilən ermənilər tədricən azərbaycanlıları sıxışdırıb kənddən çıxarmışlar.
Toponim fərqləndirici əlamət bildirən “yuxarı” sözü ilə çanaxçı türk tayfasının adı əsasında əmələ gəlmişdir.
Kəndin adı Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10 sentyabr 1948-ci il tarixli fərmanı ilə dəyişdirilərək “Sovetaşen”, Ermənistan prezidentinin 3 aprel 1991-ci tarixli fərman ilə yenidən dəyişdirilərək “Dzanqakatun” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 39°48′ şm. e. 45°03′ ş. u.