Yuxarı Axtala

Yuxarı Axtala – keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sonralar keçmiş Allahverdi (Tumanyan) rayonunda, hazırda isə Lori vilayətində şəhər. Vilayət mərkəzi Böyük Qarakilsə (Vanadzor) şəhərindən 4 km şərqdə, Axtala–Şamlıq yolunun üstündə, Ləlvər dağının ətəyində, dəniz səviyyəsindən 1375 m hündürlükdə yerləşir. 1886-cı ildə Lori-Pəmbək qəzasına tabe idi.

Kənddə 1886-cı ildə 76 nəfər, 1897-ci ildə 30 nəfər, 1916-cı ildə 161 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna məruz qalaraq kütləvi qırğınlara məruz qoyulmaqla kənddən deportasiya olunmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə burada 77 nəfər azərbaycanlı, 27 nəfər yunan, 1926-cı ildə 82 nəfər azərbaycanlı, 1931-ci ildə 119 nəfər azərbaycanlı, 30 nəfər yunan yaşamışdır. Yunanlar bura XVIII əsrin 70-ci illərində mis mədənlərində işləmək üçün köçürülmüşdür. 1988-ci ilin noyabrında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından qovulmuşdur. Hazırda kənddə ermənilərlərlə yanaşı, az sayda yunanlar yaşayırlar.

Toponim fərqləndirici əlamət bildirən “yuxarı” sözü ilə “axta” türk etnonimi əsasında əmələ gəlmişdir.

“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41°10′ şm. e., 44°46′ ş. u.