Yuxarı Axta – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Axta (Hrazdan) rayonunda, hazırda isə Kotayk vilayətində kənd. Vilayət mərkəzi Axta (Hrazdan) şəhərindən 5 km cənub-şərqdə, İnəkdağ dağının ətəyində, dəniz səviyyəsindən 1900 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kəndin əsas sakinləri azərbaycanlılar olmuşdur. Zaman-zaman onlar erməni silahlı dəstələri tərəfindən qırğınlara məruz qoyulmuş, doğma torpaqlarından didərgin düşmüşlər. Kəndə ermənilər 1828–1829-cu illərdə İranın Xoy, Maku, Səlmas vilayətlərindən və Türkiyədən köçürülüb yerləşdirilmişdir. Nəticədə azərbaycanlıların sayı azalmışdır. 1897-ci ildə burada 30 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvəllərində azərbaycanlılar tamamilə doğma torpaqlarından qovulmuşlar. Hazırda burada yalnız ermənilər yaşayırlar.
Toponim fərqləndirici əlamət bildirən “yuxarı”sözündən və oğuz tayfalarından olan padarların bir qolunu təşkil edən “axtaçı” (axta) etnonimindən formalaşmışdır.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Lernanist” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°28′ şm. e., 44°47′ ş. u.