Yuxarı Alçalı

Yuxarı Alçalı – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Qaranlıq (Martuni) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 53 km cənub-şərqdə, Göyçə gölünün sahilində, Alçalı çayının yanında, dəniz səviyyəsindən 1950 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. 1950-ci ildə Aşağı Alçalı ilə Yuxarı Alçalı kəndi birləşdirilərək “Alçalı” kəndi adlandırılmışdır.

Kənddə 1831-ci ildə 99 nəfər, 1873-cü ildə 371 nəfər, 1886-cı ildə 505 nəfər, 1897-ci ildə 701 nəfər, 1908-ci ildə 838 nəfər, 1914-cü ildə 921 nəfər, 1916-cı ildə isə 815 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri erməni silahlıları tərəfindən qırğınlarla qovulmuş, İran və Türkiyədən xaricdən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişlər. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kənd sakinlərindən sağ qalanlar öz doğma kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə burada 134 nəfər azərbaycanlı, 88 erməni, 1926-cı ildə 142 nəfər azərbaycanlı, 252 erməni, 1931-ci ildə 205 nəfər azərbaycanlı, 511 erməni yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Hazırda burada yalnız ermənilər yaşayırlar.

Toponim “alça” bitki adına “-lı” şəkilçisinin qoşulması əsasında əmələ gəlmişdir. “Yuxarı” sözü fərqləndirici əlamət bildirir. Fitotoponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 27 sentyabr 1968-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Ardzvanist” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°09′ şm. e., 45°30′ ş. u.