Yuxarı Adyaman

Yuxarı Adyaman – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Qaranlıq (Martuni) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 35 km cənub-şərqdə, Göyçə gölünün sahilində, dəniz səviyyəsindən 1980 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi kəndi tədricən tərk etmişdir. Burada 1897-ci ildə ermənilərdən başqa, 12 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvəllərində azərbaycanlılar erməni silahlıları tərəfindən deportasiya edilmişdir. Kənddə hazırda yalnız ermənilər yaşayırlar. Ermənilər bura 1828–1829-cu illərdə Türkiyənin Ələşkirt bölgəsindən köçürülmüşdür.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7 dekabr 1945-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Verin Getaşen” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°07′ şm. e., 45°14′ ş. u.