Yunis Nuri

İrəvanda Azərbaycan teatrının formalaşması Yunis Nurinin adı ilə bağlıdır. 1878-ci ildə İrəvan şəhərində anadan olmuş Yunis Hacı Süleyman oğlu Süleymanov fitri istedadlı aktyor, teatr təşkilatçısı və rejissor kimi ömrünü İrəvan teatrına həsr etmişdir.

İrəvan İslam Dram Şirkətinin aktyorları Yunis Nurinin rejissorluğu ilə 1916-cı il mayın 26-da Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq” əsərini, iyunun 9-da isə “İran faciələri”ni və “Qız istəmək” məzhəkəsini, sentyabr ayında isə “Arşın mal alan” operettasını tamaşaya qoymuşdular. 1917-ci ildə isə teatr həvəskarları yazıçı Rza Zakinin (Lətifbəyov) “Sultan Əbdülhəmidin xəli” əsərini “Zülm və istibdadın axırı” adı altında səhnələşdirmişdilər.1918–1920-ci illərdə ermənilər İrəvan şəhərində kütləvi qırğınlar törətmişdilər. Bu kütləvi qırğınlardan qaçıb canını qurtara bilən İrəvanın həvəskar aktyorlarının böyük bir qismi, başda Yunis Nuri olmaqla, İranın Xoy şəhərinə mühacirət etmişdilər. Həmin truppa üç ilə qədər orada qalmış, truppanın üzvləri çörəkpulu qazanmaq üçün müxtəlif işlərdə çalışsalar da, hərdən teatr tamaşaları da göstərmişdilər .

1921-ci ilin ikinci yarısından etibarən İrana, Türkiyəyə və Azərbaycana sığınmış irəvanlı qaçqınlar tədricən geri qayıtmağa başlamışdılar. İrəvan şəhərində azərbaycanlıların mədəni-maarif problemləri əsasən 1921-ci ilin dekabrında yaradılan Türk klubu ətrafında birləşən azərbaycanlı ziyalıların vasitəsi ilə həll edilirdi. 1922-ci ilin fevralından Mərkəzi türk klubu adlanan klubun nəzdində Yunis Nurinin başçılığı ilə həvəskar artistlərin cəmləşdiyi Türk teatr truppası fəaliyyət göstərirdi. 1923-cü ilin əvvəlində teatr dərnəyinin nizamnaməsi geniş müzakirə edilir və qəbul olunur 1924-cü ilin may ayında Mərkəzi Türk klubu nəzdindəki dram dərnəyinə müstəqil teatr truppası statusu verilir. Türk truppasının tamaşaları Mərkəzi türk klubunda hazırlanır və orada da nümayiş etdirilirdi.

1928-ci il mart ayının 15-də Ermənistan hökumətinin qərarı ilə səyyar tipli İrəvan Dövlət Türk (Azərbaycan) Dram Teatrı yaradılmışdı. Teatr truppasının formalaşmasına rəhbərliyi peşəkar aktyor Yunis Nuri etnişdir. 1950-ci ildə vəfat edən Yunis Nurinin həyat və fəaliyyətinə həsr edilmiş kitablar və məqalələr yazılmışdır.