Yekanlar – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Ərtik (Artik) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 23 km cənub-şərqdə, dəniz səviyyəsindən 1900 m hündürlükdə yerləşir. Erməni müəlliflərinin əsərlərində kəndin adı “Yeğanlar”, “Yeginlər” formalarında da göstərilir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1828-ci ilə qədər yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər bura 1828–1830-cu illərdə Qars vilayətinin Camışlı kəndindən, qismən də Sarıqamış və Ərzurum bölgələrindən köçürülərək yerləşdirilmişlər. Ermənilərin kənddə məskunlaşdırılmasından sonra əhalisi tədricən yurdlarını tərk etmişdir.
Toponim yeqanlar tayfa adı əsasında əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 15 iyul 1969-cu il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Arevşad” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°38′ şm. e., 44°02′ ş. u.