Yayıcı – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Yelenovka (Sevan) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 48 km şimal-qərbdə, Zəngi çayının yanında, Göyçə gölünün sahilində, dəniz səviyyəsindən 1750 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Ermənilər kəndə 1829–1830-cu, 1915–1920-ci illərdə İranın Maku vilayətindən köçürülüb yerləşdirilmişlər. Burada ermənilərlə yanaşı 1897-ci ildə 10 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, yəni 1905–1906-cı illərdə azərbaycanlılar erməni silahlıları tərəfindən deportasiya olunmuşlar.
Yaşayış məntəqəsinin adı oğuz tayfalarından olan “yayıcı” etnonimi əsasında əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə adı dəyişdirilib “Dzovaber” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°34′ şm. e., 44°47′ ş. u.