Yaşıl – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Talin (Talın) rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 38 km şimal-qərbdə, Alagöz dağının qərbində, dəniz səviyyəsindən 1675 m hündürlükdə yerləşir. Kəndin digər adı “Yeşil” olmuşdur. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1831-ci ildə 18 nəfər, 1873-cü ildə 235 nəfər, 1886-cı ildə 227 nəfər, 1897-ci ildə 410 nəfər, 1908-ci ildə 255 nəfər, 1914-cü ildə 273 nəfər, 1916-cı ildə isə 377 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq sakinləri – azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş və Türkiyədən köçürülüb gətirilən ermənilər və kürdlər kənddə yerləşdirilmişlər. Hazırda kənddə ermənilər yaşayırlar.
Toponim “göy rəng” mənasında işlənən yaşıl sözü əsasında əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12 noyabr 1946-cı il tarixli fərmanı ilə adı dəyişdirilərək “Kakavadzor” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°20′ şm. e., 44°00′ ş. u.