Yaqublu

Yaqublu – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Böyük Qarakilsə (Kirovakan, Quqark) rayonunda, hazırda isə Lori vilayətində kənd. 1964-cü ildə yaradılan və 1995-ci ildə ləğv edilən Böyük Qarakilsə rayonunun mərkəzi olmuşdur. Vilayət mərkəzi Böyük Qarakilsə (Vanadzor) şəhərindən 2 km şimal-şərqdə, Pəmbək çayının yanında, dəniz səviyyəsindən 1325 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1897-ci ildə ermənilərlə yanaşı, 43 nəfər azərbaycanlı yaşamışdır. 1905-1906-cı illərdə azərbaycanlılar erməni silahlıları tərəfindən buradan qovulmuşdur. Hazırda kənddə yalnız ermənilər yaşayır.

Toponim “yaqublu” etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1 aprel 1945-ci il tarixli fərmanı ilə yaşayış məntəqəsinin adı dəyişdirilərək “Meğrud”, 25 may 1983-cü il tarixli fərmanı ilə yenidən dəyişdirilərək “Quqark” adlandırılmışdır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°48′ şm. e., 44°32′ ş. u.