Yanıqpəyə

Yanıqpəyə – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 102 km şimalda, dəniz səviyyəsindən 1575 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində “Yanıxqaya” kimi qeydə alınmışdır.

1897-ci ildə kənddə 133 nəfər, 1919-cu ildə 226 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ilin mart ayının axırlarında kəndin sakinləri erməni silahlı birləşmələri tərəfindən qırğınlara məruz qalaraq qovulmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kəndin sağ qalan sakinləri öz doğma torpaqlarına qayıda bilmişdilər. Burada 1922-ci ildə 150 nəfər, 1926-cı ildə 171 nəfər, 1931-ci ildə 197 nəfər, 1939-cu ildə 254 nəfər, 1959-cu ildə 3876 nəfər, 1970-ci ildə 524 nəfər. 1979-cu ildə 536 nəfər, 1987-ci ildə 450 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr–dekabr aylarında kəndin sakinləri öz doğma ocaqlarından Ermənistan dövləti tərəfindən qovulmuşdur. Hazırda burada yalnız ermənilər yaşayırlar.

Toponim Azərbaycan dilində işlənən “yanıq” və “pəyə” sözlərinin birləşməsindən əmələ gəlib.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Meşəkənd”, Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə isə yenidən dəyişdirilərək “Antarameç” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°41′ şm. e., 45°08′ ş. u.