Xunut – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Kəndin digər adı Xnut Qaraqoyunlu olmuşdur. Kolanlı kəndinin yaxınlığında, Cığın dərəsində, Cığınsu çayının yaxınlığında yerləşmişdir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1873-cü ildə 114 nəfər, 1886-cı ildə 143 nəfər, 1897-ci ildə 253 nəfər, 1904-cü ildə 315 nəfər, 1914-cü ildə 346 nəfər, 1916-cı ildə 213 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qalaraq kənddən qovulmuşlar. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra əhalinin bir hissəsi doğma yer-yurdlarına qayıtmışdır. 1922-ci ildə burada 42 nəfər azərbaycanlı yaşamışdır. 1924–1925-ci illərdə azərbaycanlılar buradan köçürülmüş və kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Toponim qədim türk tayfası olan “hun” (xun) etnoniminə cəmlik bildirən “-ut” şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir.