Xosrov

Xosrov – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Küsqayasu çayının yaxınlığında yerləşirdi. “İrəvan əyalətinin icmal dəftəri”ndə qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 155 nəfər, 1886-cı ildə 182 nəfər, 1897-ci ildə 269 nəfər, 1904-cü ildə 199 nəfər, 1914-cü ildə 388 nəfər, 1916-cı ildə 315 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin törətdikləri qırğınlar nəticəsində kəndi tərk etmək məcburiyyətində qalmış, əhalisi bir müddət İran ərazisində sığınacaq tapmışdır. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra əhalinin bir hissəsi doğma yer-yurdlarına qayıtmışdır. 1922-ci ildə 24 nəfər, 1926-cı ildə 34 nəfər, 1931-ci ildə 31 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Sonradan kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim Xosrov şəxs adı əsasında yaranmışdır.