Xocayarlı

Xocayarlı – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Qurduqulu (Hoktemberyan) rayonunun, hazırkı Armavir vilayətinin ərazisində mövcud olmuş kənd. Kəndin qədim adı “Xocaayarlı” olmuşdur. Qurduqulu yaşayış məntəqəsindən 1415 km məsafədə, Araz çayının sol sahilində yerləşirdi. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Kəndin adı həm də “Xocayar” formasında mənbələrdə öz əksini tapmışdır.

Kənddə 1831-ci ildə 85 nəfər, 1873-cü ildə 176 nəfər, 1886-cı ildə 207 nəfər, 1897-ci ildə 210 nəfər, 1908-ci ildə 236 nəfər, 1914-cü ildə 250 nəfər, 1916-cı ildə 229 nəfər, 1918-ci ildə 236 nəfər, 1919-cu ildə isə 200 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ilin sonlarında azərbaycanlılar erməni silahlı birləşmələrinin törətdikləri qırğınlar nəticəsində kəndi tərk etmək məcburiyyətində qalmışlar. Kənd 1924-cü ildə ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim Xocaayarlı nəsil adı əsasında əmələ gəlmişdir.