Xıznauz

Xıznauz – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Üçkilsə (Eçmiədzin, Vağarşapat) rayonunda, hazırda isə Armavir vilayətində kənd. Vilayət mərkəzi Sərdarabad (Armavir) şəhərindən 20 km şimal-şərqdə, dəniz səviyyəsindən 915 m hündürlükdə yerləşir. 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə “Xəzaviz” kimi, Qafqazın beşverstlik xəritəsində “Xıznauz” formasında qeydə alınmışdır. Kəndin digər adları “Xenanız”, “Xıznavuz”, “Xznavuz”, “Kiznauz” olmuşdur.

Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra azərbaycanlılar erməni silahlıları tərəfindən kənddən çıxarılmış, 1828–1829-cu illərdə İranın Xoy vilayətindən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişdir. Hazırda kənddə ermənilər yaşayırlar.

Toponim xız (←ğız ←ğuz) etnoniminə (ərəb mənbələrində oğuz etnonimi ğız, ğuz formasında qeyd edilir, cəmlik bildirən “-uz” (←avuz, ←vuz) şəkilçisinin artırılması ilə əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 may 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Araqats” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°13′ şm. e., 44°13′ ş. u.