Xeyirbəyli

Xeyirbəyli – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Qurduqulu (Hoktemberyan) rayonunda, hazırda isə Armavir vilayətində kənd. Vilayət mərkəzi Sərdarabad (Armavir) şəhərindən 43 km cənub-qərbdə, Araz çayının sol sahilində, dəniz səviyyəsindən 975 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeyd olunmuşdur.

Kənddə 1831-ci ildə 301 nəfər, 1873-cü ildə 342 nəfər, 1886-cı ildə 379 nəfər, 1897-ci ildə 466 nəfər, 1908-ci ildə 414 nəfər, 1914-cü ildə 438 nəfər, 1916-cı ildə isə 416 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuş və kəndə ermənilər köçürülmüşlər. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kəndi tərk etmiş kənd sakinlərindən sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişdilər. Burada 1922-ci ildə 334 nəfər azərbaycanlı, 11 erməni, 1926-cı ildə 266 nəfər azərbaycanlı, 116 erməni, 1931-ci ildə isə 327 nəfər azərbaycanlı, 119 erməni yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Hazırda kənddə ermənilər yaşayırlar.

Toponim xeyirbəyli nəsil adı əsasında əmələ gəlib “xeyirbəyli nəslinin yaşadığı kənd” mənasını ifadə edir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 may 1967-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Yervandaşat” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°06′ şm. e., 43°40′ ş. u.