Xaraba Sarvanlar

Xaraba Sarvanlar – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd.

Kənddə 1831-ci ildə 29 nəfər, 1873-cü ildə 48 nəfər, 1886-cı ildə 44 nəfər, 1897-ci ildə 52 nəfər, 1908-ci ildə 95 nəfər, 1914-cü ildə 100 nəfər, 1916-cı ildə isə 70 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni daşnak birləşmələri tərəfindən soyqırımına məruz qalaraq deportasiya olunmuş və kəndə xaricdən köçürülüb gətirilən ermənilər yerləşdirilmişlər. Burada 1922-ci ildə 36 nəfər, 1926-cı ildə 32 nəfər, 1931-ci ildə 33 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir.

Toponim “dağılmış, viran edilmiş” mənasında işlənən “xaraba” sözü ilə gəngərli türk tayfasından olan “sarvanlar” etnonimindən əmələ gəlmişdir. Kəndin adı sonralar dəyişdirilərək “Nor Qoxb” qoyulmuşdur. Kənd hazırda ləğv edilmişdir.