Xancığaz

Xancığaz – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Böyük Qarakilsə (Quqark) rayonunda, hazırda isə Lori vilayətində kənd. Vilayət mərkəzi Böyük Qarakilsə (Vanadzor) şəhərindən 4 km şimal-qərbdə, Bozabdal dağının ətəyində, Pəmbək çayının sol sahilində, dəniz səviyyəsindən 1675 m hündürlükdə yerləşir. Kəndin adı erməni müəlliflərinin əsərlərində “Xancuğaz”, Qafqazın beşverstlik xəritəsində “Xancuqaz” formasında qeydə alınmışdır. Kənd İbrahim adlı xana məxsus olmuşdur. Ona görə də kənd “İbrahimli” də adlandırılmışdır.

Kənddə 1831-ci ildə 33 nəfər, 1873-cü ildə 295 nəfər, 1886-cı ildə 345 nəfər, 1897-ci ildə 393 nəfər, 1908-ci ildə 523 nəfər, 1914-cü ildə 650 nəfər, 1916-cı ildə 576 nəfər, 1919-cu ildə 582 nəfər yalnız azərbaycanlılar yaşamışdır. 1919-cu ilin yazında azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kəndin sakinləri 1921-ci ilin axırlarında öz ata-baba yurdlarına qayıda bilmişdilər. Burada 1922-ci ildə 712 nəfər, 1926-cı ildə 697 nəfər, 1931-ci ildə 880 nəfər, 1939-cu ildə 822 nəfər, 1959-cu ildə 624 nəfər, 1970-ci ildə 1041 nəfər, 1979-cu ildə 1091 nəfər, 1987-ci ildə 1220 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının axırında Ermənistan dövləti kəndin sakinlərini qırğınlarla deportasiya etmiş və kəndə erməniləri yerləşdirmişdir. Hazırda kənddə ermənilər yaşayırlar.

Toponim “varlı”, “sahibkar”, “ağa” mənasında, işlənən “xan” sözünə kiçiltmə mənası bildirən “-cığaz” şəkilçisinin artırılması yolu ilə əmələ gəlib “kiçik xana məxsus kənd” mənasını ifadə edir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1 iyun 1940-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Gözəldərə”, sonra Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə bir daha dəyişdirilərək “Aznavadzor” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°52′ şm. e., 44°25′ ş. u.