Xanazax

Xanazax – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Gorus rayonunda, hazırda isə Sünik vilayətində kənd. Gorus şəhərindən 37 km məsafədə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir.

Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 22 nəfər, 1873-cü ildə 200 nəfər azərbaycanlı yaşamışdır. 1877–1878-ci illərdə azərbaycanlılar kənddən sıxışdırılıb çıxarılmışdır. Hazırda burada ermənilər yaşayırlar.

Toponim mənşəcə fars dilinə mənsub olan “ev” mənası bildirən, türk dillərində “kənd”, “yaşayış yeri” mənasında işlənən “xana” sözü əsasında formalaşmışdır.

“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°36′ şm. e., 46°23′ ş. u.