Xalisa – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, Vedi (Ararat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 13 km cənub-şərqdə, Vedi çayından ayrılan arxın yanında, dəniz səviyyəsindən 820 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Mənbələrdə kəndin başqa adının “Xalisa Güleyyurd” olduğu göstərilir.
Kənddə 1831-ci ildə 149 nəfər, 1873-cü ildə 864 nəfər, 1886-cı ildə 960 nəfər, 1897-ci ildə 1165 nəfər, 1904-cü ildə 957 nəfər, 1914-cü ildə 1053 nəfər, 1916-cı ildə 1159 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən qırğınlara məruz qalaraq qovulmuşlar. Kənddə İran və Türkiyədən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişdir. 1922-ci ildə burada 311 nəfər azərbaycanlı, 290 erməni, 1926-cı ildə 331 nəfər azərbaycanlı, 240 nəfər erməni, 1931-ci ildə 588 nəfər azərbaycanlı, 276 erməni yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin əhalisi Azərbaycana köçürülmüşdür. Sonradan kəndin əhalisinin bir qismi doğma kəndlərinə qayıtmışdır. Kənddə 1972-ci ildə 1500 nəfərdən artıq azərbaycanlı, 600-ə qədər erməni yaşamışdır. Kəndin azərbaycanlı əhalisi 1988-ci ilin noyabr ayında ermənilər tərəfindən deportasiya edilmişdir. Hazırda burada yalnız ermənilər yaşayırlar.
Toponim “dövlət torpağı, dövlətə məxsus olan yer” mənasında işlənən ərəbmənşəli “xalisə” sözündən əmələ gəlmişdir.
Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Noyaker”t qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 39°49′ şm. e., 44°40′ ş. u.