Xəznəvar (Xoznavar) – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Gorus rayonunda, hazırda isə Sünik vilayəti ərazisində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 90 km şimal-şərqdə, dəniz səviyyəsindən 1600 m hündürlükdə yerləşir. Kəndin qədim adları “Xaznavar”, “Xandzaberd” olmuşdur. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir.
1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. 1828-ci il Türkmənçay müqaviləsindən sonra kəndə xaricdən köçürülüb gətirilən ermənilər yerləşdirilmişlər. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 28 nəfər, 1873-cü ildə 86 nəfər, 1897-ci ildə 180 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənddə yaşayan azərbaycanlılar erməni silahlılarının təcavüzünə məruz qalaraq qovulmuşlar. 1918-ci ildən sonra burada yalnız ermənilər yaşayırlar.
Toponimin ilkin, qədim formasına (Xaznavar//Xandaberd) əsasən bu qənaətə gəlinir ki, kəndin adı qədim türk tayfalarından biri olan “gencək” (→xazna →xandza) etnonimi ilə Azərbaycan dilində “möhkəmləndirilmiş istehkamı olan kənd”, “qala” mənasında işlənən “var” birləşməsindən əmələ gəlmişdir. Mürəkkəb quruluşlu etnotoponimdir.
“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 39°37′ şm. e., 46°21′ ş. u.