Xələc

Xələc (Xalac) – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 8 km şimal-şərqdə, Xələc çayın sol sahilində, dəniz səviyyəsindən 910 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir.

Kənddə 1831-ci ildə 23 nəfər, 1873-cü ildə 34 nəfər, 1886-cı ildə 308 nəfər, 1897-ci ildə 329 nəfər, 1904-cü ildə 319 nəfər, 1914-cü ildə 300 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin soyqırımına məruz qalaraq deportasiya olunmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kəndi tərk edən azərbaycanlılar öz evlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 132 nəfər, 1926-cı ildə 94 nəfər, 1931-ci ildə 114 nəfər, 1939-cu ildə 780 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən 1948-ci ildə kənddən 11 ailə (48 nəfər) zorla Azərbaycana deportasiya edilmişdir. Kəndin azərbaycanlı əhalisi 1988-ci ilin noyabr ayının axırlarında Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. Hazırda burada ermənilər yaşayırlar.

Toponim xalac qədim türk tayfasının adı əsasında əmələ gəlmişdir.

Ermənistan parlamentinin 4 iyul 2006-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək “Acanan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°14′ şm. e., 46°25′ ş. u.