Verməzyar

Verməzyar (Varmaziar) – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Üçkilsə (Eçmiədzin, Vağarşapat) rayonunda, hazırda isə Armavir vilayətində kənd. Vilayət mərkəzi Sərdarabad (Armavir) şəhərindən 36 km şərqdə, dəniz səviyyəsindən 853 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 61 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1828–1829-cu illərdə kənddə İranın Xoy və Səlmas əyalətlərindən köçürülüb gətirilən ermənilər yerləşdirilmiş və azərbaycanlılar tədricən kənddən çıxarılmışlar. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim türk dilində “dərə, vadi, dərin yarğan” mənasında işlənən “var” və ərəb dilində “ziyarət yeri, ziyarət olunan yer, qəbir” mənasında işlənən “məzar” sözlərindən  əmələ gəlib “dərədə, vadidə olan kənd” mənasını ifadə edir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 aprel 1946-cı il tarixli fərmanı ilə adı dəyişdirilərək “Arevaşat” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°08′ şm. e., 42°22′ ş. u.