Vedi rayonu 1930-cu il sentyabrın 9-da yaradılmışdır. Sahəsi 1399 km² olan rayonun mərkəzi Böyük Vedi olmuşdur. Buradan İrəvan şəhərinə olan məsafə 49 km-dir.
Vedi rayonu Qərbi Azərbaycan ilə Türkiyə arasında dağarası düzənlik olan Ağrı vadisində yerləşir. Bu düzənliyin uzunluğu 90 km, dəniz səviyyəsindən hündürlüyü 850–1000 metrdir. Araz çayı da bu düzənlikdən axır. Düzənlik cənub tərəfdən Ağrı dağı vulkan massivi ilə əhatələnmişdir. Rayon ərazisindən Vedi çayı axır və Şidli kəndində Araz çayına tökülür.
Rayonun ərazisi tarixi İrəvan xanlığının Vedibasar mahalına, Çar Rusiyası dövründə isə İrəvan quberniyasının İrəvan qəzasına daxil olmuşdur.
1937-ci ildə Vedi rayonu iki yerə parçalanmış və ərazisində Qarabağlar rayonu yaradılmışdır. Azərbaycanlıların deportasiyasından sonra isə 1951-ci ildə həmin rayon yenidən Vedi rayonuna birləşdirilmişdir. 1964-cü ildə Vedi rayonu da ləğv edilərək artıq erməniləşdirilmiş Qəmərli rayonu ilə birləşdirilmişdir. Qısa müddət sonra isə Vedi rayonu yenidən müstəqil rayon kimi təşkil edilmişdir.
Toponim ərəb dilində “çöl, səhra”, “məkan, yer” mənasında işlənən “vadi” sözündən əmələ gəlmişdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 5 may 1968-ci il tarixli fərmanı ilə rayonun adı dəyişdirilərək “Ararat” qoyulmuşdur.
1987-ci ildən rayonun əzəli azərbaycanlı sakinləri yaşadıqları yerləri tərk etməyə məcbur edilmişlər. 1995-ci ildə isə rayon ləğv edilərək Ermənistanın Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.