Vartanlı

Vartanlı (Şaumyan qəsəbəsi) – keçmiş İrəvan quberniyasının Loru-Pəmbək qəzasında, sonralar keçmiş Böyük Qarakilsə (Kirovakan, Quqark) rayonunda, hazırda isə Loru vilayətində qəsəbə. Vilayət mərkəzi Böyük Qarakilsədən 1 km məsafədə Pəmbək çayının sol qolunda, dəniz səviyyəsindən 1500 m hündürlükdə yerləşir.

Kənddə əvvəllər yalnız azərbaycanlılar, sonralar isə azərbaycanlılarla ermənilər qarışıq yaşamışlar. 1873-cü ilin statistik məlumatlarında kənddə cəmi 88 təsərrüfatda 600 nəfər (330 kişi, 270 qadın) əhali yaşadığı, onlardan 58 təsərrüfatda 343 nəfərinin azərbaycanlılar, 30 təsərrüfatda 257 nəfərinin ermənilər olduğu göstərilmişdir. 1886-cı ildə isə kənddə cəmi 108 təsərrüfatda 849 nəfər əhali yaşamışdır ki, onların da 72 təsərrüfatda 550 nəfərini azərbaycanlılar, 36 təsərrüfatda 299 nəfərini ermənilər təşkil etmişlər. 1918-ci ildə Andranikin göstərişi ilə Vartanlı kənd sakinləri böyük qoyun komuna doldurulub, od vurularaq yandırılmışdılar. 1988-ci il noyabrın 26-27-də Vartanlı kəndi dəhşətli bir tale yaşamış, kəndin 180 təsərrüfatda 600 nəfər azərbaycanlı əhalisi dəhşətli qırğına məruz qalmışlar. Kirovakan şəhərindən gələn silahlı dəstə yerli ermənilərlə birləşərək 14 azərbaycanlını vəhşicəsinə qətlə yetirmiş, onlarla azərbaycanlıya bədən xəsarəti yetirmişdilər. Sağ qalanlar meşələrə səpələnərək gündüzlər gizlənib, gecələr yol gedərək 13-14 gün ərzində Qazax rayonuna çatmışdılar. Ümumiyyətlə, həmin günlərdə Quqark rayonunda 30-a yaxın azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdi.

Toponim şəxs adı əsasında formalaşmışdır.

Vartanlı kəndinin adı ilk dəfə 1953-cü ildə dəyişdirilərək “Xndzorut”, 1955-ci ildə isə yenidən dəyişdirilərək “Şaumyan” adlandırılmışdır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Coğrafi koordinatları: 40°47′ şm. e. 44°31′ ş. u.