Uzuntala

Uzuntala – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, sonralar keçmiş Karvansara (İcevan) rayonunda, hazırda isə Tavuş vilayətində kənd. Vilayət mərkəzi Karvansara (İcevan) şəhərindən 17 km şimal-şərqdə, dəniz səviyyəsindən 500 m hündürlükdə yerləşir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir.

Toponim Azərbaycan dilində “böyük, geniş” mənasında işlənən “uzun” sözü ilə “meşə ortasında açıqlıq yer” mənasında işlənən “tala” sözünün birləşməsindən əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 may 1967-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Onut”, 12 fevral 1969-cu il tarixli fərmanı ilə yenidən dəyişdirilərək “Aygehovit” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°58′ şm. e., 45°15′ ş. u.