Uzunoba

Uzunoba – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Qurduqulu (Hoktemberyan) rayonunda, hazırda isə Armavir vilayətində kənd. Vilayət mərkəzi Sərdarabad (Armavir) şəhərindən 13 km cənub-şərqdə, Araz çayının sol sahilində, dəniz səviyyəsində 877 m hündürlükdə yerləşir. 1728-ci il tarixdə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeyd olunmuşdur.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir.

Toponim Azərbaycan dilində “geniş, böyük” mənasında işlənən “uzun” sözü ilə “kənd, yaşayış məntəqəsi, yurd” mənasında işlənən “oba” sözünün birləşməsindən əmələ gəlib “böyük, geniş kənd” mənasını ifadə edir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 aprel 1946-cı il tarixli fərmanı ilə adı dəyişdirilərək “Arqavand” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°03′ şm. e., 44°05′ ş. u.