Uşi (Üşü, Üşəyən) – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Əştərək (Aştarak) rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 3 km şimalda, dəniz səviyyəsindən 1400 m hündürlükdə yerləşir. Azərbaycanlıların həyatı ilə bağlı IX–XI əsrlərə aid tarixi abidələr indi də qalır. Kəndin adı 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə, 1728-ci il tarixli “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1831-ci ildə 167 nəfər, 1873-cü ildə 909 nəfər, 1886-cı ildə 1105 nəfər, 1897-ci ildə 1249 nəfər, 1908-ci ildə 1360 nəfər, 1914-cü ildə 1444 nəfər, 1916-cı ildə 1486 nəfər, 1918-ci ildə 1380 nəfər, 1919-cu ildə 500 nəfər yalnız azərbaycanlılar yaşamışdır. Erməni silahlı dəstələri ilk dəfə 1905-ci ildə kəndə hücum edərək kütləvi qırğınlar törətmiş, vəziyyət sabitləşəndən sonra kəndin sağ qalan əhalisi geri qayıda bilmişdi. 1918-ci ildə azərbaycanlılara qarşı erməni silahlı birləşmələri yenidən qırğınlar törətmiş, əhalini kənddən didərgin salmışdır. 1920-ci ildə bura Türkiyənin Bitlis, Muş, Əhlat və Van vilayətlərindən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılardan sağ qalanları ata yurdlarına qayıda bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 291 nəfər, 1926-cı ildə 296, 1931-ci ildə 33 nəfər azərbaycanlı yaşamışdır. SSRİ hökumətinin xüsusi qərarı ilə 1948–1949-cu illərdə azərbaycanlılar tarixi-etnik torpaqlarından çıxarılıb zorla Azərbaycana köçürülmüşdür. Hazırda kənddə ermənilər yaşayırlar.
Toponim türk dilində “yüksəklik, dağın zirvəsi” mənasında işlənən “uç” (uş) sözü əsasında əmələ gəlmişdir. Türk dilində “uş//uç” sözü “son”, “başlanğıc”, “yuxarı”, “zirvə”, “qıraq, kənar” mənalarında işlənir. Eyni zamanda qaraqalpaq dilində “dağın zirvəsi” mənasını “uşa”sözü ifadə edir. Toponimin sonundakı “i” topoformant kimi çıxış edir. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°20′ şm. e., 44°22′ ş. u.