Urud

Urud – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qarakilsə (Sisian) rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 97 km şimal-qərbdə, Bazarçay çayının sol sahilində, dəniz səviyyəsindən 1420 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Qafqazın beşverstlik xəritəsindən qeydə alınmışdır. Erməni müəlliflərinin əsərlərində kəndin başqa adının “Orod” olduğu göstərilir.

Kənddə 1831-ci ildə 111 nəfər, 1873-cü ildə 222 nəfər, 1886-cı ildə 270 nəfər, 1897-ci ildə 359 nəfər, 1905-ci ildə 435 nəfər, 1914-cü ildə 408 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən qovulmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan urudlular öz evlərinə dönə bilmişlər. Burada 1922-ci ildə 173 nəfər, 1926-cı ildə 263 nəfər, 1931-ci ildə 340 nəfər, 1959-cu ildə 623 nəfər, 1970-ci ildə 609 nəfər, 1979-cu ildə 663 nəfər, 1986-cı ildə isə 1000 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında 125 evdən ibarət kəndin azərbaycanlı əhalisi Ermənistan dövləti tərəfindən tarixi torpaqlardan deportasiya olunmuşdur. Hazırda burada yalnız ermənilər yaşayırlar.

Toponim türk dilində “dağ, təpə” mənasında işlənən “ur” sözünə türk dillərində yer məzmunu əmələ gətirən “-ud” şəkilçisinin birləşməsindən əmələ gəlib “dağlı, təpəli, yerdə salınan kənd” mənasını verir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 iyul 1968-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Vorotan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°29′ şm. e., 46°08′ ş. u.