Uluxanlı

Uluxanlı – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında kənd, sonralar keçmiş Zəngibasar (Masis) rayonunda, hazırda isə Ararat vilayətində şəhər tipli qəsəbə. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 18 km şimal-qərbdə, Zəngi çayının yaxınlığında, dəniz səviyyəsindən 830 m hündürlükdə yerləşir. 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Zəngibasar rayonu təşkil edilənədək Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur.

Burada 1831-ci ildə 1737 nəfər, 1873-cü ildə 2968 nəfər, 1886-cı ildə 3062 nəfər, 1897-ci ildə 2757, 1908-ci ildə 3171 nəfər, 1914-cü ildə 3488 nəfər, 1918-ci ildə 3173 nəfər, 1919-cu ildə 8000 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə erməni təcavüzünün qarşısının alınması məqsədilə yaradılan Zəngibasar Milli Şurası Uluxanlıda fəaliyyət östərmişdir. 1919-cu ilin sonunda azərbaycanlılar erməni silahlı birləşmələri təcavüzünə məruz qalaraq deportasiya olunmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar doğma evlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 1882 nəfər, 1926-cı ildə 1948 nəfər, 72 kürd, 9 erməni, 1931-ci ildə 1781 nəfər azərbaycanlı, 5 erməni, 25 kürd yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Deportasiya edilənlərin bir qismi sonradan doğma kəndlərinə qayıda bilmişdi. Uluxanlının 1939-cu ildə 1195 nəfər, 1959-cu ildə 3138 nəfər, 1970-ci ildə 4961 nəfər, 1975-ci ildə 8142 nəfər, 1980-ci ildə 13248 nəfər əhalisi olmuşdur ki, onların da əksəriyyətini azərbaycanlılar təşkil etmişdir. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar son nəfərinə kimi Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim uluxanlı tayfa adı əsasında əmələ gəlmişdir.

Kəndin adı 1924-cü ildə dəyişdirilərək Nərimanlı qoyulmuşdur. Sonra Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 31 dekabr 1937-ci il tarixli fərmanı ilə dəyişdirilərək Zəngibasar, 31 iyul 1950-ci il tarixli fərmanı ilə yenidən dəyişdirilərək Masis adlandırılmışdır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°00′ şm. e., 44°29′ ş. u.