Ulu Öndər Heydər Əliyevin Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 3-cü ildönümü ilə əlaqədar rayon sakinlərinin nümayəndələri ilə görüşdəki çıxışından

1 aprel 1996

1988-ci ildə bizim soydaşlarımızı, azərbaycanlıları ermənilər zorla, silah gücünə Ermənistandan çıxarandan sonra buraya köçmüş adamlara burada ad qoydular: yerazlar. Bu adı mənfi nöqteyi-nəzərlə qoydular. Kimlər qoydu bu adı? Vəzirov kimi alçaq adamlar, onun şaykasında olan adamlar, Mütəllibov kimi alçaq adamlar, onun şaykasında olan adamlar. Anadan olduğu yerdən asılı olmayaraq, azərbaycanlı hər yerdə dəyərli adamdır. Kəlbəcərdə, Laçında, ya da Zəngəzurda, yaxud Göyçə mahalında anadan olub, ya da Borçalıda, Bakıda, Maştağada anadan olub – fərqi yoxdur, hamısı bir millətin adamlarıdır, azərbaycanlılardır. Millətimizin, xalqımızın içindən bunları təbəqələrə bölənlər, bir-birindən ayıranlar Azərbaycan xalqına, millətimizə ən böyük xəyanət edən adamlardır. Yerindən-yurdundan didərgin düşmüş adamlara, yaxud Ermənistandan zorla sürülüb çıxarılmış adamlara mənfi münasibət göstərmək, yaxud mənfi ad qoymaq, onlara belə təkəbbürlü yanaşmaq ən böyük cinayətdir və deyə bilərəm ki, ədəbsizlik, mənəviyyatsızlıq, tərbiyəsizlikdir.

Mən həmişə belə fikirdə olmuşam. Azərbaycan Prezidenti kimi də bunu dəfələrlə bəyan etmişəm, bu gün də bəyan edirəm ki, biz azərbaycanlılar, Azərbaycan xalqı başqalarının torpağına göz dikməmişik. Baxmayaraq ki, keçmiş dövrlərdə Azərbaycanın torpaqlarının bir qismi cürbəcür hadisələr nəticəsində başqa əllərə keçibdir, o cümlədən indi Ermənistanın sərhədlərinin içərisində olan torpaqların bir hissəsi də dövri-qədimdən Azərbaycan torpağı, Azərbaycan diyarı olubdur: Göyçə mahalı da, Zəngəzur mahalı da, başqaları da.