14 yanvar 1998
Məlumdur ki, o vaxtlar Azərbaycan Demokratik Respublikasını yaradanlar Azərbaycan torpaqlarının bir hissəsinin, o cümlədən İrəvanın Ermənistana verilməsinə razı olmuşlar. Azərbaycan Demokratik Respublikasının Baş naziri Fətəli xan Xoyskinin Tiflisdən xarici işlər naziri Həsən Hacınskiyə teleqramı bizim arxivlərimizdə vardır…
Məlumdur ki, 1920-ci ilin dekabr ayında Ermənistanda sovet hakimiyyəti qurulan zaman Azərbaycan hökumətinin adından bəyan edilmişdi ki, Zəngəzur və Naxçıvan qəzaları Ermənistanın tərkibinə verilir…
Təəssüf etmək olar ki, Naxçıvan torpaqlarının bir qismi bəzi hallarda ermənilərin əllərinə keçib, ancaq Naxçıvan öz ərazisini, əsasən, qoruyub saxlamışdır. Əgər Naxçıvanı Azərbaycandan ayıran Azərbaycan torpaqlarının – Zəngəzur mahalının vaxtilə Ermənistana verilməsi olmasaydı, bəlkə də heç Naxçıvanın muxtariyyəti də lazım deyildi, Azərbaycan vahid əraziyə malik olan bir ölkə idi. Ancaq Zəngəzur mahalının, o cümlədən onun bir hissəsi olan Mehri, Qafan rayonlarının – Azərbaycan torpaqlarının 1920-ci ildə Ermənistana verilməsi bizim tariximizdə Azərbaycan torpaqlarının əldən getməsinin çox ağır bir hadisəsidir.