Ucan – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Əştərək (Aştarak) rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 13 km şimal-qərbdə, dəniz səviyyəsindən 1150 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə Uçan kimi əksini tapmışdır. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1831-ci ildə 62 nəfər, 1873-cü ildə 235 nəfər, 1886-cı ildə 364 nəfər, 1897-ci ildə 444 nəfər, 1908-ci ildə 300 nəfər, 1914-cü ildə 318 nəfər, 1916-cı ildə 480 nəfər, 1918-ci ildə 300 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuş, Türkiyənin Bitlis, Ərciş və Van vilayətlərindən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişdir. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.
Toponim türk mənşəli “uc” etnoniminə cəmlik bildirən “-an” şəkilçisinin artırılması ilə düzəlib “ucların yaşadığı yer, uclara məxsus kənd” deməkdir.
“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°17′ şm. e., 44°12′ ş. u.