Türk Qarakilsəsi

Türk Qarakilsəsi – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Düzkənd (Axuryan) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 5 km cənub-qərbdə, dəniz səviyyəsindən 1462 m hündürlükdə yerləşir. 1937-ci ilədək keçmiş Gümrü (Leninakan) rayonunun tərkibində olmuşdur. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1886-cı ildə 410 nəfər, 1897-ci ildə 484 nəfər, 1904-cü ildə 554 nəfər, 1914-cü ildə 911 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılara qarşı erməni silahlı birləşmələri tərəfindən qırğınlar törədilmiş, əhalisi kənddən didərgin salınmışdır. Türkiyənin Muş, Sasun Xnıs, Qars vilayətlərindən ermənilər köçürülərək burada yerləşdirilmişlər. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Kənd xristian türklərə (qıpçaqlara) aid qara daşdan tikilən kilsənin yaxınlığında salındığı üçün Qarakilsə adlanmışdır. Toponimin əvvəlindəki “türk” etnonimi fərqləndirici əlamət bildirir və sakinlərinin türklər (azərbaycanlılar) olduğunu göstərir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Axurik” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°45′ şm. e., 43°47′ ş. u.