Tulnəbi

Tulnəbi – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Əştərək (Aştarak) rayonunda, hazırda isə Kotayk vilayətində kənd. Vilayət mərkəzi Axta (Hrazdan) şəhərindən 31 km cənub-qərbdə, dəniz səviyyəsindən 1700 m hündürlükdə yerləşir. 1972-ci ildən keçmiş Nairi rayonunun tərkibində olmuşdur.

Kənddə 1873-cü ildə 227 nəfər, 1886-cı ildə 321 nəfər, 1897-ci ildə 261 nəfər, 1908-ci ildə 219 nəfər, 1914-cü ildə 406 nəfər, 1916-cı ildə 353 nəfər, 1918-ci ilin yanvarında 379 nəfər yalnız azərbaycanlılar yaşamışdır. 1918-ci ildə kəndin köklü sakinləri olan azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuş, Türkiyədən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişlər. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim qədim türk dilində “hasarlanmış, çəpərlənmiş yer” mənasında işlənən “tul” sözü ilə Nəbi şəxs adı əsasında əmələ gəlib “Nəbinin hasarlanmış, çəpərlənmiş yeri” mənasını bildirir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 aprel 1946-cı il tarixli fərmanı ilə adı dəyişdirilərək “Saralanc” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°23′ şm. e., 44°31′ ş. u.