Tuğut – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Mehri (Meğri) rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Mehri (Meğri) yaşayış məntəqəsindən 11-13 km şimal-şərqdə, Araz çayının sol sahilində yerləşirdi. Erməni mənbələrində kəndin adı “Teğut” formasında qeyd edilir.
Kənddə 1831-ci ildə 31 nəfər, 1873-cü ildə 162 nəfər, 1886-cı ildə 199 nəfər, 1897-ci ildə 237 nəfər, 1904-cü ildə 294 nəfər, 1914-cü ildə 513 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. Yalnız indiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 131 nəfər, 1926-cı ildə 85 nəfər, 1931-ci ildə 78 nəfər yalnız azərbaycanlı yaşamışdır. Kollektivləşmə adı ilə kəndin sakinləri qonşu kəndlərə köçürülərək kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Toponim qıpçaq türk tayfasından olan “tuq” etnoniminə qədim türk dilində cəmlik bildirən “-ut” şəkilçisinin qoşulması ilə əmələ gəlmişdir. “Tuğlara, yəni tuğ tayfasına mənsub kənd” mənasını bildirir.