Toxluca

Toxluca – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 61 km şimal-şərqdə, Göyçə gölünün sahilində, dörd tərəfi dağlarla əhatə olunmuş bir ərazidə, dəniz səviyyəsindən 1980 m hündürlükdə yerləşir. 1728-ci il tarixli “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. XV–XIX əsrlərə aid tarixi abidələrin xarabalıqları indi də qalır. Kəndin ərazisində oğuzlara aid qəbirlər var.

1831-ci ildə burada 296 nəfər, 1873-cü ildə 466 nəfər, 1886-cı ildə 681 nəfər, 1897-ci ildə 935 nəfər, 1914-cü ildə 1373 nəfər, 1916-cı ildə 1330 nəfər, 1919-cu ildə 1199 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ilin mart ayının ortalarında erməni silahlı birləşmələri tərəfindən azərbaycanlılar vəhşicəsinə qovulmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kəndin keçmiş sakinləri öz doğma evlərinə dönə bilmişdilər. 1922-ci ildə kənddə 1176 nəfər, 1926-cı ildə 1403 nəfər, 1931-ci ildə 1723 nəfər, 1939-cu ildə 1840 nəfər, 1959-cu ildə 1528 nəfər, 1970-ci ildə 2469 nəfər, 1979-cu ildə 2664 nəfər, 1987-ci ildə 2985 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr–dekabr aylarında kəndin sakinləri bir daha ermənilərin təcavüzünə məruz qalmış və Ermənistan dövləti tərəfindən tarixi torpaqlarından deportasiya olunmuşlar. Hazırda burada yalnız ermənilər yaşayırlar.

Toponim Azərbaycan dilində “dağlıq yer” mənasını ifadə edən “dağlıqca” sözünün fonetik forması əsasında əmələ gəlmişdir. Toponimin birinci komponenti “tox” türk dillərində “dağ” mənasında işlənən “to”, “toğ” sözlərinin fonetik formasıdır. Eyni zamanda qədim türk dilində “toğ” (tuğ) sözü “bənd”, “sədd”, “çəpər” mənalarında işlənir. “Dağlıq ərazi” mənasını ifadə edir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Draxtik” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°34′ şm. e., 45°13′ ş. u.