Tovuzqala

Tovuzqala – keçmiş Yelizavetpol quberniyasının Qazax qəzasında, sonralar keçmiş Şəmşəddin (Berd) rayonunda, hazırda isə Tavuş vilayətində şəhər. XIX əsrin əvvəllərinədək Şəmşəddil sultanlığının tərkibində olmuşdur. Vilayət mərkəzi Karvansara (İcevan) şəhərindən 54 km şərqdə, dəniz səviyyəsindən 930 m hündürlükdə yerləşir.

Əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra azərbaycanlı əhali tədricən kəndi tərk etmişdir.

Toponim türk dilində “dağ” mənasında işlənən “tov” (“to”, “tu”, “tav”, “tou”, “tau” formasında da işlənir) sözü ilə “uz” (oğuz) etnonimindən və “qala” sözündən əmələ gəlib “dağ uzların (oğuzların) qalası” mənasını ifadə edir.

Kəndin adı 1920-ci ildə dəyişdirilərək “Berd” (qala) qoyulmuşdur. Şəhərin qədim adının birinci komponenti (Tovuz) ixtisar edilmiş, ikinci komponenti olan “qala” erməni dilinə tərcümə edilərək yaşayış məntəqəsi “Berd” adlandırılmışdır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°52′ şm. e., 45°23′ ş. u.