Tovuz

Tovuz – keçmiş Yelizavetpol quberniyasının Qazax qəzasında, sonralar keçmiş Şəmşəddin (Berd) rayonunda, hazırda isə Tavuş vilayətində kənd. XIX əsrin əvvəllərinədək Şəmşəddil sultanlığının tərkibində olmuşdur. Kəndin digər adı “Tovuzkənd” olmuşdur. Vilayət mərkəzi Karvansara (İcevan) şəhərindən 64 km şimal-şərqdə, dəniz səviyyəsindən 1000 m hündürlükdə yerləşir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir.

Toponim türk dilində “dağ” mənasında işlənən “tov” sözü ilə oğuzların bir qismi kimi tanınan “uz” türk etnonimi əsasında əmələ gəlib “dağ uzların (oğuzların) yaşadığı yer” mənasını ifadə edir.

Ermənistan parlamentinin 4 iyul 2006-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək “Tavuş” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°54′ şm. e., 45°24′ ş. u.