Tiğit – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Əştərək (Aştarak) rayonunda, hazırda isə Kotayk vilayətində kənd. Vilayət mərkəzi Axta (Hrazdan) şəhərindən 26 km cənub-qərbdə, dəniz səviyyəsindən 1600 m hündürlükdə yerləşir. 1972-ci ildən keçmiş Nairi rayonunun tərkibində olmuşdur. “İrəvan əyalətinin icmal dəftəri”ndə Teqit kimi, Qafqazın beşverstlik xəritəsində Tiğit formasında qeydə alınmışdır. Erməni müəlliflərinin əsərlərində Tğit formasında verilir.
Kənddə 1831-ci ildə 92 nəfər, 1873-cü ildə 217 nəfər, 1886-cı ildə 241 nəfər, 1897-ci ildə 333 nəfər, 1908-ci ildə 410 nəfər, 1914-cü ildə 488 nəfər, 1916-cı ildə 512 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin soyqırımına məruz qalaraq deportasiya olunmuş və Türkiyədən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişdir. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.
Toponim qıpçaq türk tayfasından olan tuq (“tiğ” “tuq” etnoniminin formasıdır) etnoniminə cəmlik bildirən “-ut” şəkilçsinin “-it” fonetik formasının artırması ilə əmələ gəlib, “tuğların yaşadığı kənd”, “tuğlara məxsus kənd, yaşayış yeri” mənasını bildirir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 30 iyul 1980-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Teğenik” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°25′ şm. e., 44°34′ ş. u.