Teymur xan Makinski

Teymur xan Məhəmmədqulu xan oğlu Makinski 1874-cü ildə İrəvan şəhərində anadan olmuşdur. İrəvanda yaşayan Maku xanlarının törəmələrindən olan Makinskilər nəsli İrəvan xanlarının nəsil davamçıları İrəvanskilərlə yaxın qohum idilər. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Teymur xan Makinski İrəvan gimnaziyasını, sonra isə Varşava Universitetinin hüquq fakültəsini 1916-cı ildə birinci dərəcəli diplomla bitirmişdir.

Teymur xan Makinski XX əsrin əvvəlində Azərbaycanda milli azadlıq hərəkatının fəal iştirakçılarından biri olmuşdur. İctimai-siyasi xadim Teymur xan Makinski Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının, Zaqafqaziya Federasiyasının süqutundan sonra isə Azərbaycan Milli Şurasının üzvü olmuşdur.

Milli Şuranın 19 noyabr 1918-ci il tarixli “Azərbaycan Məclisi-Məbusanının (Parlamentinin) təsisi haqqında qanun”una əsasən, seçkisiz Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmişdir. T.Makinski 1918-ci ilin iyun-oktyabr aylarında Azərbaycan hökuməti ədliyyə nazirinin müavini, oktyabrın 20-dən dekabrın sonunadək Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistan hökuməti yanında diplomatik nümayəndəsi olmuşdur. O, İrəvan quberniyasında yaşayan azərbaycanlıları erməni zülmündən qorunması məqsədilə 1919-cu ilin yanvarında Bakıda təsis edilmiş İrəvan Quberniyası Həmyerliləri Cəmiyyətinin idarə heyətinin sədri seçilmişdir.

Teymur xan Makinski 1918-ci il dekabrın 26-dan 1919-cu il martın 14-ə qədər Fətəli xan Xoyskinin 3-cü hökumət kabinəsində ədliyyə naziri vəzifəsini icra etmişdir. O, 1919-cu ilin iyunundan 1920-ci ilin yanvarına qədər Azərbaycan hərbi məhkəməsinin sədri, 1920-ci ilin martından isə yenidən Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistan hökuməti yanında diplomatik nümayəndəsi olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra 1920-ci il mayın 15-də İrəvandakı diplomatik nümayəndəliyin fəaliyyəti Ermənistan hökuməti tərəfindən dayandırılmışdır. Diplomatik nümayəndəliyin başçısı olduğu zaman Zəngibasarda yaşayan soydaşlarımıza maddi yardım göstərdiyinə görə, T.Makinskiyə qarşı Ermənistan prokurorluğu tərəfindən cinayət işi açılmış, lakin o, Gürcüstanın İrəvandakı daimi nümayəndəliyinin yardımı ilə İrəvanı gizlicə tərk edərək mayın 28-də Tiflisə qayıda bilmişdir.

Təəssüf ki, Teymur bəy Makinskinin sonrakı taleyi haqqında səhih məlumat yoxdur.

Teymur bəy Makinskinin əmisinin oğlu, 1908-ci ildə Peterburq Universitetinin hüquq fakültəsini bitirmiş Abbasəli bəy Makinski Azərbaycan hökumətinin İrəvandakı daimi nümayəndəliyində çalışmışdır. Rus, ingilis, fransız, və alman dillərini bildiyi üçün diplomatik danışıqlarda azərbaycanlıların hüquqlarını müdafiə etmişdir. Abbasəli bəy Makinski 1918-ci ilin payızında Naxçıvanda qurulan Araz-Türk Hökumətinin fəallarından olmuşdur.