Terp

Terp – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunda, hazırda isə Vayotsdzor vilayətində kənd. Vilayət mərkəzi Keşişkənd (Yeğeqnadzor) şəhərindən 35 km cənubda, Cul çayının sağ qolu olan Köçbəkçayın yanında, dəniz səviyyəsindən 1720 m hündürlükdə yerləşir. Kəndin adı ilk dəfə XIII əsrdə xatırlanır. Erməni ədəbiyyatında “Derbi” formasında rast gəlinir.

Kənddə 1831-ci ildə 96 nəfər, 1873-cü ildə 243 nəfər, 1886-cı ildə 215 nəfər, 1897-ci ildə 376 nəfər, 1904-cü ildə 384 nəfər, 1914-cü ildə 422 nəfər, 1916-cı ildə 504 nəfər yalnız azərbaycanlılar yaşamışdır. 1918-ci ildə kəndin əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən qovulmuşdur. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalanlar tarixi-etnik torpaqlarına qayıtmışdır. Burada 1922-ci ildə 80 nəfər, 1926-cı ildə 222 nəfər, 1931-ci ildə 408 nəfər yalnız azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. 1950-ci ildən sonra deportasiya edilənlərin bir qismi sonradan doğma kəndlərinə qayıda bilmişdi. 1988-ci ilin noyabr ayında yenidən kənddə yaşayan azərbaycanlılar Ermənistan dövləti tərəfindən deportasiya olunmuşlar. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim Azərbaycan dilində “kiçik təpə” mənasında işlənən “tarp” (→terp) sözü əsasında formalaşmışdır. Bu söz ərəb dilində “dağ keçidi, aşıram” mənasında “dərb” formasında işlənir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 27 fevral 1956-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək “Saravan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°43′ şm. e., 45°38′ ş. u.