Taytan

Taytan – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 16 km cənub-qərbdə, Vedibasar çayının sahilində, dəniz səviyyəsindən 870 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 166 nəfər, 1886-cı ildə 177 nəfər, 1897-ci ildə 316 nəfər, 1904-cü ildə 262 nəfər, 1914-cü ildə 288 nəfər, 1916-cı ildə 366 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ildə azərbaycanlıları erməni silahlı birləşmələr öz doğma ocaqlarından qovmuşlar. Kənddə İran və Türkiyədən gələn ermənilər yerləşdirilmişdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə burada 183 nəfər azərbaycanlı, 81 erməni, 1926-cı ildə 175 nəfər azərbaycanlı, 114 erməni, 1931-ci ildə 217 nəfər azərbaycanlı, 224 erməni yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Deportasiya edilənlərin bir qismi sonradan doğma kəndlərinə qayıda bilmişdi. 1946–1948-ci illərdə xaricdən köçürülüb gətirilən ermənilərin bir qismi Taytanda yerləşdirilmişdi. 1988-ci ildə kənddə 24 azərbaycanlı ailəsi qalmışdı. Həmin ilin dekabr ayında azərbaycanlıları Ermənistan dövləti tarixi torpaqlarından qovmuşdur. Hazırda burada yalnız ermənilər yaşayırlar.

Toponim türk dilində “kiçik dağ”, “təpə” mənasında işlənən “tay” (tey) sözü ilə türk dilində “dərə, dar dərin dərə”, “təpə” mənasında işlənən “tan” (q) ← //ton) (q) sözünün birləşməsindən əmələ gəlmişdir. “Tay” coğrafi termin kimi “tərəf, sahil” mənasında da işlənir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək “Vanaşen” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°54′ şm. e., 44°41′ ş. u.