Talin

Talin (Talın) – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Talin (Talın) rayonunda, hazırda isə Araqatsotn vilayətində şəhər. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 48 km şimal-qərbdə, dəniz səviyyəsindən 1585 m hündürlükdə yerləşir. XIX əsrin 40-50-ci illərindən 1930-cu ilə kimi rayonun ərazisindən bir hissəsi İrəvan quberniyasının Eçmiədzin qəzasının, digər hissəsi isə İrəvan quberniyasının Aleksandropol qəzasının tərkibinə daxil olmuşdur. 1930-cu il sentyabrın 9-da yaradılan keçmiş Talin rayonunun mərkəzi olmuşdur. Orta əsrlərdə inşa edilən və günümüzədək gəlib çatan məşhur Talın qalası burada yerləşir.

1918-ci ilin may ayınadək Talın qalasında azərbaycanlılar yaşayırdılar. Ədirnə (1829) müqaviləsinə əsasən İrəvan xanlığının ərazisində ermənilərin köçürülüb məskunlaşdırılmasından sonra kəndin köklü sakinləri olan azərbaycanlılar Türkiyəyə köç etmişlər.

Toponim türk dilində “söyüd, söyüd kolu” mənasında işlənən “tal” sözü ilə türk dilində “daxma, koma, mağara” mənasında işlənən “in” sözünün birləşməsindən əmələ gəlmişdir.

“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°22′ şm. e., 43°52′ ş. u.